16

may 18, 2017 4:58 Published by

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev yarımdalma qazma qurğusunun açılış mərasimində iştirak edib. Dövlət başçısı qurğunun məxsus olduğu “Azerbaijan Rigs” MMC-nin səhmdarları olan Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov və Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev tərəfindən müşayiət olunub.

Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən yeni neft-qaz layihələri ilə əlaqədar yaranmış tələbatı nəzərə alaraq Xəzər dənizində 6-cı nəsil yarımdalma qazma qurğusunun yaradılması haqqında göstəriş verib və bu layihənin icrasını daim dəstəkləyib.

Qurğunun tikintisi 2013-cü il iyunun 4-də “Caspian Drilling” və Sinqapurun “Keppel FELS” şirkətləri arasında podrat müqaviləsi çərçivəsində aparılıb. Keppelin “Caspian Rigbuilders PTE ltd” şirkəti layihənin dizayn və mühəndislik işlərini apardığı halda, qurğunun tikintisi Caspian Shipyard Company tərəfindən həyata keçirilib. Layihənin iqtisadi əhəmiyyəti nəzərə alınaraq, maliyyələşmənin Dövlət Neft Fondu (90 %) və SOCAR (10%) tərəfindən icra edilib. 2013-cü il sentyabrın 20-də – Neftçilər Günündə Prezident İlham Əliyevin iştirakı ilə baş tutmuş Bakı gəmiqayırma zavodunun açılışında qurğunun aşağı üzən gövdəsinin – pantonlarının inşasına başlanılıb. Qurğunun tikintisi 2017-ci ilin mayında tam yekunlaşıb. Ümumi uzunluğu 106,5 m, eni 69,5 m, hündürlüyü isə 130 metr olan qurğunun ümumi çəkisi 26,000 tondur. Dənizdə suyun 1,000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğu ilə qazılacaq quyunun maksimal dərinliyi 12,000 metrdir.

Dövlət başçısı yarımdalma qazma qurğusunun yaşayış blokunda da oldu. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdikləri neft strategiyasından bəhs edən fotostend var. Yaşayış blokunda ofis, yataq, istirahət və kompüter otaqları yaradılıb. Blok yeməkxana, camaşırxana, idman otaqları, kinoteatr, kitabxana və konfrans zalı ilə də təchiz olunub.

Heydər Əliyev yarımdalma qazma qurğusu dünyada 1,400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 10,160 mt, tam tutumu isə 31,602 tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər. Altıncı nəsil yarımdalma qazma qurğusunun tikintisində 2,400-ə yaxın insan çalışıb ki, onların da təxminən 80 faizi Azərbaycan Respublikasının vətəndaşları olub.

Categorised in:

This post was written by rigs_admin

Comments are closed here.